MƏDƏNİYYƏT
Cəlilabadda şəhid Əhməd Abdullayevə həsr olunmuş sənədli film təqdim edildi
Cəlilabad, 1 avqust (AZƏRTAC). Avqustun 1-də Cəlilabad Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan ordusunun zabiti, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş mayor Əhməd Abdullayevin həyat yolundan bəhs edən sənədli filmin təqdimatı oldu.
AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin doğmaları ilə yanaşı, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə Prezident İlham Əliyevə və filimin yaradıcı kollektivinə rayon sakinləri adından minnətdarlığını bildirdi.
Daha sonra sənədli film nümayişi olundu.
Film Əhməd Abdullayevin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Ekran əsərində şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb.
Ekran əsərinin nümayişindən sonra şəhid Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev filmin yaradıcı kollektivinə təşəkkür etdi.
Filmin qəhrəmanı Əhməd Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabadda ziyalı ailəsində dünyaya gəlib. Əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonralar İstanbuldakı hərbi məktəbdə və Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.
Dünyanın bir çox ölkələrində keçirilən hərbi təlimlərdə iştirak edən Ə.Abdullayev 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Prezident İlham Əliyevin 2010-cu il 28 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında şücaət göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.