Cənub bölgəsində Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd edilib
Astara, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 31-də ölkəmizin cənub bölgəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım tədbirlərində faciə qurbanlarının xatirəsi dərin hüznlə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Mərkəzi Kitabxanasında Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş ümumrayon tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova erməni millətçilərinin 1918-ci ilin mart və aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə danışıb.
Toplantıda Astara Rayon Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin direktoru Tural Eyvazovun Azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Xalqımızın və dünyanın sülhsevər insanların azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının ildönümünü böyük ürəkağrısı ilə, dərin hüznlə qeyd etdiyini vurğulayan T.Eyvazov 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi ilk dəfə olaraq 26 mart 1998-ci il tarixdə ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, erməni terroru təkcə 1918-ci il mart soyqırımı ilə məhdudlaşmır. Ötən əsrin sonunda 1 milyona qədər soydaşımız doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılaraq dağıdılıb, evlər vəhşicəsinə talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb və itkin düşüb.
Anım tədbirində çıxış edən digər natiqlər erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarixboyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı soyqırımları törətdiklərini pisləyiblər.
x x x
31 Mart-Azərbaycanlıların Soyqırımı Günü Lənkəranda da dərin hüznlə qeyd olunub.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini soyqırımı zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün Lənkəran şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə salınan parkdakı abidə-kompleksinin qarşısına toplaşıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzərək günahsız qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad edib.
Daha sonra rayonun hüquq mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlərin, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri abidə önünə qırmızı qərənfillər düzüblər.
Anım mərasimi Heydər Əliyev Mərkəzində soyqırımı hadisələrinin 100 illiyinə həsr olunmuş konfransla davam etdirilib.
Tədbirdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1918-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edərək, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.
Qeyd edilib ki, Lənkəran rayonu 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük və Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib.
x x x
Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi Lənkəran Dövlət Universitetində (LDU) də ehtiramla anılıb.
Universitetin professor, müəllim və tələbə heyəti Lənkəran şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksin önünə təzə-tər qərənfillər düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri LDU-da Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş konfransla davam etdirilib.
Toplantıda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş verənləri Azərbaycan tarixinin qanlı səhifəsi kimi dəyərləndirərək ümummilli lider Heydər Əliyevin faciə ilə bağlı dediklərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb: “1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır”.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib, faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
x x x
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfransda erməni separatçılarının azərbaycanlılara qarşı soyqırımı pislənilərək dünya ölkələrindən bu soyqırımının tanınması tələb olunub.
Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib. Bu Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
Elmi-praktik konfransda çıxış edənlər erməni vandallarının ölkəmizin cənub bölgəsində törətdiyi vəhşiliklərdən danışaraq azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə soydaşımızın qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırıblar.
x x x
Lerikdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Azərbaycan Prezidentinin və Heydər Əliyev Fondunun dünyanın aparıcı dövlətlərində xalqımızın başına gətirilmiş soyqırımı aktlarının tanıdılması istiqamətində gördüyü işlər öz bəhrəsini verməkdədir.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
x x x
31 Mart-Azərbaycanlıların Soyqırımı Günü Cəlilabadda da dərin hüznlə qeyd olunub.
Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, mənfur qonşularımız olan ermənilər tərəfindən azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib.
1918-ci ilin mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edən N.Zeynalov “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımların rəsmən adının çəkildiyini, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin köklərinin açıldığını, erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymətin verildiyini vurğulayıb.
Tədbirdə 1918-ci il mart soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.
x x x
Yardımlıda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yardımlı şəhərində azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirib ki, 1918-ci ilin mart qırğınlarına, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət verilib.
Diqqətə çatdırılıb ki, “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmana əsasən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Toplantıda çıxış edənlər “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, soyqırımı siyasətini pisləyərək, dünya ölkələrindən, beynəlxalq təşkilatlardan xalqımıza qarşı törədilmiş soyqırımın tanınmasını tələb ediblər.