Cəzaçəkmə müəssisələrində məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb YENİLƏNİB
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də media subyektlərinin nümayəndələrindən ibarət qrup Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində səsvermə prosesini müşahidə ediblər.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən prezident seçkilərində Ədliyyə Nazirliyi Penitensiar Xidməti üzrə 13 seçki dairəsi dairə seçki komissiyasını əhatə edən 27 seçki məntəqəsi təşkil olunub.
Penitensiar müəssisələrdə səsvermə prosesi davam edir.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı məntəqələrində səsvermə keçirilir.
38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə siyahı üzrə 1362 seçici qeydiyyatdadır və indiyədək 300-ə yaxın məhkum səs verib.
41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudovun sözlərinə görə, məntəqədə siyahı üzrə 532 seçici qeydiyyatdadır və hazırkı vaxtadək 200-ə yaxın məhkum səs verib.
13 saylı Xəzər ikinci seçki dairəsinin 41 saylı seçki məntəqəsinin sədri Elşad Kazımov bildirib ki, indiyədək 700-ə yaxın məhkum səs verib.
2 saylı cəzaçəkmə müəssisəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 39 saylı seçki məntəqəsinin sədri Ağaxan Qasımov isə qeyd edib ki, məntəqə üzrə 1487 nəfər seçici qeydiyyatdadır və indiyədək 1000-ə yaxın məhkum səs verib.
Məhkum seçicilər səsvermədə mütəşəkkil qaydada iştirak edirlər. Seçki tam şəffaf keçir. Məhkumlar sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
Media subyektlərinin nümayəndələrinin olduqları cəzaçəkmə müəssisələrində heç bir qanun pozuntusu qeydə alınmayıb. Məhkumlar MSK-nın müəyyənləşdirdiyi formada hazırlanan xüsusi vəsiqələri təqdim edərək səs verirlər.