Cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün növbəti seminar-treninqlər təşkil olunmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) arasında 2010-cu ildən etibarən həyata keçirilən əməkdaşlıq çərçivəsində məhkəmə və hüquq islahatlarına dəstək xarakterli layihələr davam etdirilir.
Penitensiar sahədə bu əməkdaşlıq əsasən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, cəzanın icrasının təşkili ilə bağlı müxtəlif seminar-treninqlərin keçirilməsindən və penitensiar xidmət əməkdaşlarının təcrübə mübadiləsi məqsədi ilə Avropa ölkələrinə səfərlərinin təşkilindən ibarət olmuşdur.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, fondun Azərbaycan bölməsinin təşkilatçılığı ilə ekspertlər - Almaniyanın Bruxzal şəhərinin cəzaçəkmə müəssisəsinin rəhbəri Tomas Müller, Nordrayn-Vestfallen vilayətinin penitensiar xidmətinin keçmiş vitse-prezidenti Linhard Dreger, fondun əməkdaşı Maike Ruhlig, Bruxzal cəzaçəkmə müəssisəsinin əməkdaşları Kathlen Mohr və Aleksander Fritzin Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün növbəti seminar-treninqlər keçirirlər.
İlk olaraq 6 saylı cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin idarə edilməsində Almaniya təcrübəsi” mövzusunda seminar keçirilmiş, “Yeni məhbusların qəbulu şöbəsinin təşkili”, “Məhbusların asudə vaxtı və əmək fəaliyyətinin təşkili”, “Cəzaçəkmə prosesinin planlaşdırılması” mövzularında müzakirələr aparılmışdır.
Səfər proqramı çərçivəsində təlim-seminarların 6 saylı cəzaçəkmə müəssisəsində və Şəki penitensiar müəssisəsində keçirilməsi planlaşdırılır.
Seminarlar noyabrın 15-dək davam edəcəkdir.