RƏSMİ XRONİKA
Çexiya Respublikasının Prezidenti Zati-aliləri cənab Vatslav Klausa
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu ilin may ayında ölkəmizə səfəriniz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yeni təkan vermişdir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 oktyabr 2011-ci il.