DÜNYA
Çexiyada tələbə və müəllimlər bu ölkənin universitetlərində antisemitizmin güclənməsindən hiddətlənib
![Çexiyada tələbə və müəllimlər bu ölkənin universitetlərində antisemitizmin güclənməsindən hiddətlənib](/files/2023/3/1200x630/1699874679178716074_1200x630.jpg)
Praqa, 13 noyabr, AZƏRTAC
Çexiyanın 30-dan çox ali məktəbinin, xüsusən Praqa universitetlərinin nümayəndələrindən ibarət böyük bir qrup səlahiyyətli orqanlara, habelə fakültə və kafedraların rəhbərlərinə müraciət ünvanlayıb. Onların imzaladığı sənəddə akademik mühitdə antisemitizmin yayılmasının qarşısının alınması çağırışı var.
AZƏRTAC bu barədə “Radio Praha”ya istinadla xəbər verir.
Müraciəti imzalayan şəxslər bildirirlər ki, Çexiyanın universitetlərində də antisemitizm baş qaldırır. Petisiyanın müəllifləri nifrət hisslərini qızışdıran bütün çıxışlara qarşı zəruri tədbirlər görülməsini xahiş edirlər. Onlar, eyni zamanda, oktyabrın 7-də girov götürülmüş yəhudilərin fotoşəkilləri olan plakatların qoparılması hallarını tənqid edir, İsrailin yəhudi vətəndaşlarına qarşı soyqırımı çağırışlarını ehtiva edən şüar və çıxışları pisləyir və bildirirlər ki, bu ritorika Fələstini müdafiə edən nümayişlərdə və sosial şəbəkələrdə yer alır. Müraciətdə bildirilir ki, nifrət hissinin qızışdırılması və bunun söz-ifadə azadlığı və ya akademik dialoq kimi qələmə verilməsi hallarına biganə qalmaq mümkün deyil.
Müraciətin mətnində deyilir: “Bütün səlahiyyətli orqanların, həmçinin ali məktəblərin, fakültə və kafedraların rəhbərliyindən daha çox antisionizm kontekstində, kapitalizmin, yaxud müstəmləkəçiliyin tənqidi pərdəsi altında gizlənən qərəzli nifrət təbliğatının yayılmasının qarşısını almağı xahiş edirik”.
Müraciətdə, həmçinin 1938-ci ildə nasist Almaniyasında sinaqoqların, yəhudi mağazaları və müəssisələrinin yandırılması ilə müşayiət olunan “Büllur gecə” adlı faciənin təkrar olunmaması ilə bağlı xəbərdarlıq da yer alıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa