ÇİN 2012-Cİ İLƏDƏK YAPONİYANI DÜNYANIN İKİNCİ İQTİSADİ DÖVLƏTİ STATUSUNDAN MƏHRUM EDƏCƏK
AZƏRTAC xəbər verir ki, Çin 2008-2012-ci illər arasında ümumi daxili məhsulun həcminə görə Yaponiyanı ötüb, onu planetimizin iqtisadi baxımdan ABŞ-dan sonra ikinci dövləti statusundan məhrum edəcəkdir. Bu proqnoz qiymətli kağızlarla əməliyyatlar üzrə iri şirkət olan “Sinko sekyuritiz”in məruzəsində yer almışdır. Firmanın ekspertləri xəbərdarlıq edirlər ki, hesablamaların nəticələrinə Amerika dollarının iyenə və yuana nisbətdə məzənnəsi güclü təsir göstərəcəkdir.
“Sinko sekyuritiz”in fikrincə, bu il Yaponiyanın ümumi daxili məhsulu təxminən 4,53 trilyon dollar təşkil edəcəkdir. Çin isə iqtisadi inkişafın indiki sürəti saxlanılacağı və yuanın dollara nisbətdə məzənnəsinin yüksək olacağı təqdirdə 4,58 trilyon dollar səviyyəsinə qalxa bilər. Ekspertlər bildirirlər ki, ÇXR-in dünyanın iqtisadi baxımdan ikinci qüdrətli dövlətinə çevrilməsi ehtimalı 2008-ci ildə 10 faiz təşkil etdiyi halda 2009-10-cu illərdə 40 faizədək artacaqdır.
Çin ÜDM-in həcminə görə artıq İtaliya, Fransa və Böyük Britaniyanı geridə qoymuşdur. Güman edilir ki, bu il o, Almaniyanı da qabaqlayıb, həmin göstərici üzrə dünyada üçüncü yeri tutacaqdır. Lakin ÇXR adambaşına ÜDM-in səviyyəsinə görə aparıcı Qərb ölkələrindən geri qalır. Çində adambaşına ÜDM 2006-cı ildə 2 min dollardan bir qədər çox olmuşdur ki, bu da Yaponiyanın müvafiq göstəricisinin yalnız 17-də bir hissəsini təşkil edir.