Çin Xalq Respublikasının Sədri Si Cinpindən
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, dost Azərbaycan xalqına və Hökumətinə Çin Xalq Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
Son illərdə ölkənizdə siyasi və ictimai sabitliyin möhkəmləndirilməsini, iqtisadiyyatın dinamik inkişafını, xalqın firavan yaşayışının təmin olunmasını və Azərbaycanın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcəkdir.
Bu gün bizim dostluq münasibətlərimizin sarsılmaz əsası vardır və ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi əzmindədir. Bir neçə gün bundan əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirakınız zamanı biz səmimi və faydalı görüş keçirdik. Görüşdə biz ikitərəfli münasibətlərin gələcək inkişafı və hər iki tərəfi maraqlandıran ümumi məsələlər barədə geniş fikir mübadiləsi apardıq, bir sıra mühüm məsələlərə dair ümumi anlaşmaya nail olduq.
Mən Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Mən qarşılıqlı etimadın dərinləşməsinə, praktiki əməkdaşlığın möhkəmlənməsinə, humanitar dialoqun genişlənməsinə və Çin-Azərbaycan münasibətlərinin inkişafına Sizinlə birgə öz töhfələrimi verməyə hazıram.
Zati-aliləri, Azərbaycana tərəqqi və qüdrət, xalqınıza xoşbəxtlik və əmin-amanlıq, Sizə möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Si Cinpin
Çin Xalq Respublikasının Sədri