Çin xaricə 1,5 milyard doza COVID-19 peyvəndi göndərib
Pekin, 26 oktyabr, AZƏRTAC
Çin indiyədək təxminən 106 ölkəyə və 4 beynəlxalq təşkilata 1,5 milyard doza COVID-19 peyvəndi təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyinin rəhbəri Luo Caohuy açıqlama verib. Xaricə göndərilən vaksinlərin əsas hissəsi kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən ianə kimi təqdim olunub.
Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıb. Bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da start verilib. Xaricə göndərilən peyvəndlər “Sinovac”, “Sinopharm” və “CanSino” vaksinləridir. Çin şirkətləri cari il ərzində xaricə 2 milyard doza COVID-19 peyvəndi göndərməyi hədəfləyib.
Bir müddət əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin COVAX proqramı çərçivəsində vaksinasiya prosesi üçün 100 milyon ABŞ dolları ianə edəcəyini açıqlamışdı. O, COVAX-a maliyyə yardımından əlavə olaraq Çinin inkişaf etməkdə olan ölkələrə 100 milyon doza COVID-19 peyvəndi ianə edəcəyini də bildirmişdi.
Qeyd edək ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə vurulan peyvəndin miqdarı 2 milyard 248 milyon dozanı ötüb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin