Çində 9 min turist karantinə cəlb olunub VİDEO
Pekin, 2 noyabr, AZƏRTAC
Çinin pandemiyanın hazırkı dalğasında ən çox yoluxmaların aşkarlandığı yaşayış məntəqələrindən olan Daxili Monqolustan muxtar bölgəsinin Ecina qəsəbəsindəki 9 mindən çox turist məcburi karantinə cəlb olunub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yoluxmalara görə giriş-çıxışın dayandırıldığı qəsəbədə olan turistlər əlacsız vəziyyətdə qalıblar. Səlahiyyətli qurumlar yoluxma riskini nəzərə alaraq, onları xüsusi qatar və avtobuslarla müxtəlif şəhərlərdəki karantin yerlərinə köçürülüblər. Çinin müxtəlif şəhərlərindən Ecinaya gəlmiş həmin turistlər 14 gün ərzində məcburi karantində qalacaqlar. Onlar karantin müddətinin sonunda COVID-19 testi verəcək və cavab neqativ olacağı təqdirdə yaşadıqları yerlərə gedə biləcəklər.
Qeyd edək ki, Çində oktyabrın 16-da başlayan pandemiyanın yeni dalğasındakı ən iri virus ocaqlarından biri məhz Ecina qəsəbəsidir. Bu müddətdə qəsəbədə 141 yoluxma aşkarlanıb. Hazırda qəsəbədə sərt karantin rejimi tətbiq olunur, sakinlərin evdən və ya olduqları yerdən çıxmasına icazə verilmir. Qəsəbədə sakinlər 5 mərhələ üzrə kütləvi şəkildə koronavirus testindən keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin