Çində Nankin qırğını qurbanlarının xatirəsi anılır VİDEO
Pekin, 13 dekabr, AZƏRTAC
Çinin Ciansu vilayətinin inzibati mərkəzi olan Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlarda ölənlərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, 1937-1945-ci illər yapon-Çin müharibəsi dövründə Çinin o zamankı paytaxtı olan Nankində baş verən hadisələrin 84-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Nankin qırğını qurbanlarının xatirə muzeyinin qarşısında keçirilən tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, qırğın qurbanlarının yaxınları iştirak edib. Yerli vaxtla saat 10:01-də bir dəqiqəlik sükut elan edilib.
Qeyd edək ki, Çin tərəfinin məlumatına əsasən, yapon ordusunun Nankində 1937-ci il dekabrın 13-dən yanvarın sonunadək törətdiyi qırğınlarda 300 mindən çox dinc sakin və silahsız əsgər öldürülüb. Rəsmi Tokio Nankində törədilən qırğınları təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir.
Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının 2014-cü ildə qəbul etdiyi qərarla hər il 13 dekabr tarixi Çində Nankin qırğını qurbanlarının xatirəsinin anım günü kimi qeyd edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin