Çində “Yalnızlar günü” ilə əlaqədar ənənəvi şopinq festivalı keçirilir
Pekin, 11 noyabr, AZƏRTAC
Çində noyabrın 11-də qeyd olunan “Yalnızlar günü” ("Subaylar günü") ilə əlaqədar ənənəvi şopinq festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, gün ərzində ticarət mərkəzləri ilə yanaşı, elektron ticarət platformalarında böyük endirimlər təklif edilir. Bu da öz növbəsində gündəlik dövriyyənin xeyli yüksəlməsinə səbəb olur. Şopinq festivalı son illər xeyli populyarlaşmış sürətli poçt xidmətinin inkişafına da müsbət təsir göstərir. Bəzi elektron ticarət platformaları son illər şopinq festivalının müddətini uzadıblar. Ötən il “Alibaba” elektron ticarət şirkətinin platformalarında “Yalnızlar günü” ilə əlaqədar keçirilən 11 günlük şopinq festivalı dövründə 74,1 milyard ABŞ dolları (498,2 milyard yuan) dəyərində satış qeydə alınıb. Noyabrın 1-dən 11-dək 800 milyondan çox alıcı “Alibaba”nın elektron ticarət platformalarındakı 5 milyondan çox mağazanın məhsullarından sifarişlər verib. Həmin dövrdə müştərilərə 2,32 milyard bağlama göndərilib ki, bu da Çində 2010-cu ildə qeydə alınan illik göstəriciyə yaxın olub. Ötən il Çinin digər iri elektron ticarət platforması olan “JD.com”da isə təxminən 41 milyard dollarlıq satış qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin