Çingiz Hüseynzadə: Nazim Babayevin Avropa çempionu olması ölkəmizdə atletikanın inkişafının göstəricisidir
Bakı, 6 mart, AZƏRTAC
Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatının üçtəkanla tullanma yarışında qızıl medal qazanan Nazim Babayev ilə martın 6-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək bildirib ki, Nazim Babayevin 35-ci qış Avropa çempionatında qızıl medal qazanması ölkəmizdə idmanın, o cümlədən atletikanın inkişafının göstəricisidir. Bu qələbə sübut etdi ki, Azərbaycanda böyük potensialı olan kifayət qədər gənc atlet yetişib. Bu isə atletika idmanında daha böyük uğurların qazanılacağını deməyə əsas verir.
Federasiya prezidenti Nazim Babayevin daha mötəbər turnirlərdə, o cümlədən Olimpiya Oyunlarında və dünya çempionatlarında da uğurla çıxış edəcəyinə əminliyini bildirib.
Nazim Babayevin məşqçisi Ziyad Xəlfəliyev atletimizin çempionatda inamla çıxış etdiyini vurğulayaraq deyib: “Nazimin rəqiblərinin təcrübəli olmalarına baxmayaraq, o, sonadək mübarizə apardı və Azərbaycan Respublikasının dövlət himnini 20 min tamaşaçının olduğu arenada səsləndirməyi bacardı”.
Yarışda öz üzərində böyük məsuliyyət hiss etdiyini vurğulayan Nazim Babayev diqqətə çatdırıb: “Məhz bu məsuliyyət mənim finala yüksəlməyimdə həlledici rol oynadı. Finalda isə təcrübəli rəqiblərimlə mübarizə aparmağıma baxmayaraq, Avropa çempionu olmağı bacardım. İnanıram ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəyəm”.
AAF-ın baş katibi Məhərrəm Sultanzadə indiyədək Azərbaycan idmançılarından Avropa çempionatlarında üçtəkanla tullanma yarışında çempionun olmadığını vurğulayaraq deyib: “Nazim Babayev fevralın 16-da Balkan Oyunlarında ikinci yeri tutub. O, bu çempionatda isə daha böyük uğur qazandı. Məhz bu uğur Azərbaycanın 49 ölkə arasında onuncu yeri tutmasını təmin etdi”.
Federasiyanın vitse-prezidenti Firat Hüseynov və baş məşqçi Bəhruz Salehli qazandığı böyük uğur münasibətilə Nazim Babayevi və məşqçisi Ziyad Xəlfəliyevi təbrik edib, onlara uğurlar arzulayıblar.