DÜNYA
Çinin qapanma tətbiq olunan şəhərlərində avtomobil zavodları istehsalı bərpa edib
Pekin, 21 aprel, AZƏRTAC
Çində COVID-19 pandemiyasının hazırkı “omikron” dalğasından ən çox əziyyət çəkən Şanxay və Çançun şəhərlərindəki avtomobil zavodları istehsalı bərpa edib.
AZƏRTAC xəbər verir ki, virusa yoluxmaların sürətlə çoxalması səbəbindən tətbiq olunan qapanma rejimi ilə əlaqədar bir neçə həftə ərzində istehsalı dayandırmağa məcbur olan avtomobil şirkətləri artıq işə başlayıb. “Tesla” şirkəti 8 mindən çox əməkdaşının Şanxaydakı avtomobil zavodunda işə başladığını açıqlayıb. “Tesla” zavodu Şanxay hökumətinin şəhərdə fəaliyyətini bərpa etməyə icazə verdiyi 231 avtomobil sənayesi müəssisəsindən biridir.
Avtomobil sənayesi üzrə müstəqil ekspert Roy Lu avtomobil istehsalı müəssisələrinin bərpasının pandemiyanın təsiri səbəbindən ötən ay 11 faizlik azalmanın müşahidə olunduğu Çinin avtomobil istehsalı sektorunun canlanmasına böyük təsirinin olacağını bildirib.
Qeyd edək ki, martın əvvəlindən Çinin bir çox şəhərində, o cümlədən ölkənin işgüzar və maliyyə mərkəzi hesab olunan Şanxayda, habelə iri şəhərlərdən olan Çançunda virusa yoluxmaların çoxalması səbəbindən tətbiq olunan qapanmalara görə müəssisələr fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Son günlər yoluxmaların nisbətən azalması fonunda bəzi müəssisələrin, o cümlədən avtomobil sektoru üzrə şirkətlərin istehsalı bərpa etməsinə icazə verilib. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, Şanxay və Çançun Çində il ərzində satılan avtomobillərin beşdəbirini istehsal edir. Təkcə Şanxayda avtomobil və ehtiyat hissələri istehsal edən təxminən min şirkətin, o cümlədən “Tesla”, “Volkswagen”, “General Motors”un müəssisələri var. Çançunda isə “Volkswagen” və “Toyota”nın müəssisələri fəaliyyət göstərir. Avtomobil istehsalı Şanxayın ümumi daxili məhsulunun 17,5 faizini təmin edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin