İQTİSADİYYAT
“Çıraq” neft layihəsi üzrə ilk neftin bu ilin sonlarında hasil edilməsi gözlənilir
Bakı, 4 avqust (AZƏRTAC). “Çıraq” neft layihəsi (ÇNL) üzrə ilk neftin 2013-cü ilin dördüncü rübündə hasil edilməsi gözlənilir.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, ÇNL nəticəsində “Azəri-Çıraq-Günəşli” yatağından neft hasilatının həcminin 360 milyon barel artacağı gözlənilir.
ÇNL üçün dəyəri 6 milyard dollar olan işlənmə planına 2010-cu ilin mart ayında sanksiya verilmişdir. Bu plana mövcud “Dərinsulu Günəşli” və “Çıraq” platformaları arasındakı yataq infrastrukturunda boşluğu doldurmaq üçün nəzərdə tutulan “Qərbi Çıraq” platformasının inşası daxildir. İlk dəfədir ki, dünya səviyyəli tikinti-quraşdırma layihəsi bütövlükdə Azərbaycanda həyata keçirilir.
“Qərbi Çıraq” platforması üçün dayaq blokunun inşası ötən ilin oktyabrında tamamlanmışdır. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış tədarükçülər də daxil olmaqla 2000-dən çox adam cəlb olunmuşdu. İşçi qüvvəsinin 96 faizi Azərbaycan vətəndaşları idi. Dayaq bloku Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun obyektlərindəki yerli infrastrukturdan istifadə etməklə “BOS Şelf” şirkəti tərəfindən tikilmişdir.
İndiyədək Xəzərdə inşa edilmiş ən ağır dayaq bloku 2012-ci il oktyabrın 20-də Bakı dərin özüllər zavodunun yanalma körpüsündə təhlükəsiz şəkildə daşıma barjasına qoyulmuşdur. ÇNL ərazisində sualtı boruçəkmə əməliyyatlarının tamamlanması ilə dayaq blokunun dənizdə quraşdırılması 2013-cü il mayın 3-də təhlükəsiz şəkildə başa çatdırılmışdır.
Ötən ilin sonuna AMEK-Tekfen-Azfen tikinti-quraşdırma sahəsində üst modulların tikintisi təxminən 97 faiz tamamlanmışdır. Dənizə yola salınma 2013-cü ilin üçüncü rübünə planlaşdırılır.