ÇOXCİLDLİ “AZƏRBAYCANIN EPİQRAFİK ABİDƏLƏRİ” TOPLUSUNUN DÖRDÜNCÜ CİLDİ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətovanın çoxcildli “Azərbaycanın epiqrafik abidələri” (rus dilində) toplusunun növbəti, dördüncü cildi təqdim olunmuşdur. Fotoşəkillərlə zəngin olan kitab akademik Vasim Məmmədəliyevin redaktorluğu ilə “Nurlan” nəşriyyatında nəfis şəkildə çap olunmuşdur.
Mərasimdə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, İlyas Babayev, Şamil Fətullayev, tarix elmləri doktorları Şahin Fazil, Vəfa Quliyeva və başqaları bildirmişlər ki, Məşədixanım Nemətovanın toplusu Azərbaycan tarixinin öyrənilməsində qiymətli mənbədir. Əsərin birinci cildində Bakı şəhəri və Abşeron yarımadasının (XI-XX əsrin əvvəli), ikinci cildində Şəki-Zaqatala bölgəsinin, üçüncü cildində isə Naxçıvan Muxtar Respublikasının ərəb-fars-türk dilli kitabələri öyrənilmişdir. Müəllifin həmin üç cildi Küveyt Beynəlxalq İslam Xeyriyyə Təşkilatının keçirdiyi müsabiqənin qalibi olmuş və müəllif mükafata layiq görülmüşdür. Dördüncü cildin Quba-Xaçmaz və Cənubi Dağıstan zonaları kitabələrinin (VIII- XX əsrin əvvəli) tədqiqinə həsr olunduğu diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, yazılar haqqında elm olan epiqrafika ilə məşğul olmaq üçün ərəb və fars dillərini bilməklə yanaşı, xüsusi istedad, səbir və dəyanət də lazımdır. Azərbaycanın orta əsrlər epiqrafiyası olduqca zəngindir və M.Nemətovanın bu sahədə fəaliyyəti təqdirəlayiqdir. O, 1948-ci ildən başlayaraq Azərbaycanın bütün tarixi ərazilərini gəzərək, ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb-fars-türk dillərində dədə-babalarımızın daşlara həkk etdikləri 2 min 500-dən çox salnaməni oxumuşdur. Müəllif respublikamızın iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam-fəlsəfi-sufizm, toponimika, xalqımızın mənşəyinə dair külli miqdarda yeni və dəqiq faktlarla Azərbaycan tarixşünaslığını zənginləşdirmişdir.
Çıxışlarda müəllifin gələcəkdə də tədqiqatları ilə tarix elmimizə öz töhfələrini verəcəyinə əminlik ifadə olunmuşdur.
Sonda Məşədixanım Nemətova tədbirin təşkilatçıları və iştirakçılarına, eləcə də kitabın işıq üzü görməsində əməyi olanların hamısına minnətdarlığını bildirmişdir. Hazırda toplunun beçinci cildinin nəşrə hazırlandığı vurğulanmışdır.