DÜNYA
CNN ASSOŞİEYTED PRESS İLƏ ƏMƏKDAŞLIĞA SON QOYUR
Bakı, 23 iyun (AZƏRTAC). AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, CNN teleşirkəti Assoşieyted Press (AP) informasiya agentliyi ilə əməkdaşlıqdan imtina etmişdir.
CNN-in rəhbərliyi AP ilə lisenziya sazişinin iyunun sonunda bitən müddətini uzatmamaq qərarına gəlmişdir. Gələn aydan CNN informasiya proqramlarında AP-nin xəbərlərindən istifadə etməyəcəkdir.
CNN-in prezidenti Cim Uolton bildirmişdir ki, AP ilə əməkdaşlığa son qoyulması teleşirkətin öz informasiya məkanının genişləndirilməsi prosesi ilə izah olunur. İndi CNN, əsasən, məxsusi materiallarına istinad edəcəkdir. Bundan əlavə, teleşirkətə informasiyanı AP-nin başlıca rəqibi Röyter verəcəkdir.
Teleşirkətin prezidentinin əməkdaşlara göndərdiyi məktubda deyilir ki, kənar informasiya mənbələrindən imtina etməklə CNN öz layihələrinə sərmayə qoyuluşunu artıra bilər. Tezliklə teleşirkət təcili xəbərlər üçün ayrıca servis, habelə əməkdaşların informasiya axını ilə işləməsini asanlaşdıracaq “Şare” platformasını işə salacaqdır.
Assoşieyted Press agentliyinin nümayəndəsi Pol Kolford CNN-in auditoriyasının AP-nin materiallarından xəbərsiz olacağından təəssüfləndiyini bildirmişdir. CNN-in nümayəndəsi Naycel Pritçerd isə əlavə etmişdir ki, AP-nin əməkdaşlığın müddətinin uzadılmasına dair irəli sürdüyü şərtlər onları razı salmamışdır.
Assoşieyted Press AFR, Röter və Bloomberg ilə yanaşı dünyanın 4 aparıcı xəbər agentlikləri sırasındadır. AP yarandığı 1980-ci ildən CNN ilə əməkdaşlıq edirdi. Bir qədər əvvəl “Google News” da AP ilə əməkdaşlıqdan imtina etmişdi. Bəzi məlumatlara görə, o zaman da tərəflər yeni müqavilənin şərtləri ilə razılaşmamışdılar.