Coğrafiya İnstitutunda məktəblilərlə növbəti görüş
Bakı, 19 aprel, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın üzvləri üçün seminar-məşğələ keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məktəblilər əvvəlcə AMEA-nın ikinci mərtəbəsində yerləşən sərgidə Coğrafiya İnstitutunun fəaliyyəti ilə tanış olublar. İnstitutun konfrans zalında davam edən seminar-məşğələdə elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, məktəblərdə “Kiçik akademiya”nın təşkili istedadlı uşaqları üzə çıxarmağa, şagirdlərdə elmə və elmi yaradıcılığa marağın artmasına, məntiqi təfəkkürün inkişafına zəmin yaradır. Fənnin tədrisi məsələsinə toxunan direktor müavini qeyd edib ki, bugünkü təhsil şagirdlərə bilik verməklə yanaşı, müəyyən bacarıq və vərdişlərin də inkişafını tələb etdiyindən onlara dərs deyən müəllimlərin məsuliyyətini xeyli artırır.
GAMŞ-ın sədri Samirə Ələkbərova gənc alimlərin fəaliyyəti, apardıqları elmi-tədqiqat işləri barədə şagirdlərə məlumat verib.
Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov məruzəsində Azərbaycanın regionları, coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası, tarixi-mədəni abidələri haqqında maraqlı məlumatlar verib.
Turizm və rekreasiya şöbəsinin rəhbəri Zaur İmrani isə “Orta məktəb dərsliklərinin yazılması prosesində coğrafiya alimlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib, uşaqların suallarını cavablandırıb.
İnstitutun tibbi coğrafiya şöbəsinin elmi işçisi Solmaz Rzayeva rəhbərlik etdiyi “Kiçik akademiya”nın fəaliyyətindən danışıb. Seminarda “Gənc coğrafiyaçılar”, “Ekoloji mühitin qorunması”, “Həyat mənbəyimiz - su”, “Azərbaycanın coğrafiyaçı alimləri” mövzularında təqdimatlar olub. Sonra şagirdlərlə sual-cavab şəklində müsabiqə keçirilib və qaliblərə kitablar hədiyyə edilib.
Əməkdar müəllim Naibə Ələkbərova məktəb kollektivi adından Coğrafiya İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.