COP28 iqlim sammitində dayanıqlı qida sisteminə transformasiya diqqət mərkəzində olacaq
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 30-da Dubayda başlayacaq COP28 iqlim sammitində dayanıqlı kənd təsərrüfatı və qida sisteminə transformasiya diqqət mərkəzində olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri və COP28 sammitinin qida sistemləri üzrə rəhbəri xanım Məryəm bint Mohammed Almheyri ifadə edib. O əlavə edib ki, COP28-də dayanıqlı kənd təsərrüfatı və qida sistemlərinə qlobal transformasiya gündəlik prioritetlər sırasına daxil edilib.
BƏƏ-nin naziri Şarja Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan “COP28: “Davamlı qida sistemlərinin təşviqinin əhəmiyyəti” adlı panel müzakirəsində qeyd edib ki, ənənəvi qida sistemləri ümumi qlobal istixana qazı emissiyalarının təxminən 33 faizinə və iqlim dəyişikliyinə səbəb olur ki, bu da ciddi kənd təsərrüfatı və ərzaq problemləri, əsasən su qıtlığı və əkin sahələrinin azalması ilə nəticələnir. O bildirib ki, qida itkisi və tullantıları istehlakçı səviyyəsində davranış dəyişiklikləri tələb edən qlobal problemdir. Bu məqsədlə BƏƏ innovasiyaya əsaslanan ərzaq təhlükəsizliyi sahəsində aparıcı qlobal mərkəzə çevirmək üçün iddialı bir baxış olan Milli Ərzaq Təhlükəsizliyi Strategiyasını həyata keçirəcək”.
Nazir vurğulayıb ki, BƏƏ inkişaf etməkdə olan texnologiyalara və innovativ becərmə üsullarına, məsələn, idarə olunan ətraf mühitdə kənd təsərrüfatı (CEA) və quraqlığa dözümlü bitkilərin inkişafı kimi metodlara müraciət edir. Texnologiya və innovasiyalar qida sistemlərinin transformasiyasında nəzərəçarpacaq irəliləyiş əldə etməyə kömək etmək, həmçinin fermerləri məhsulların diversifikasiyasına həvəsləndirmək, iqlim dəyişikliyi qarşısında kənd təsərrüfatı sistemlərinin dayanıqlığını artırmaq üçün vacibdir.
BƏƏ rəsmisinin sözlərinə görə, iyul ayında qlobal qida sistemlərini transformasiya etmək və onların davamlılığını təmin etmək üçün iddialı bir plan olan “COP28: Qida sistemləri və kənd təsərrüfatı gündəliyi” təqdim olunub. Mövcud qida sistemi qlobal tullantıların əhəmiyyətli bir hissəsinə səbəb olmaqla yanaşı, biomüxtəlifliyin itməsinə, meşələrin qırılmasına və quraqlığa, şirin suların çirklənməsinə və dəniz canlılarının məhvinə səbəb olur. Bu kontekstdə şaquli əkinçilik, hidroponik təsərrüfatlar və digər sahələrdə geniş imkanlar yaradılır.
Almheyri bildirib ki, BƏƏ hökuməti bu yaxınlarda “Net Zero 2050” strategiyasını həyata keçirməyə başlayıb və bu çərçivədə iqtisadi sektorda 6 hədəf - enerji, sənaye, nəqliyyat, tikinti, tullantılar və kənd təsərrüfatında transformasiyaya nail olmaq üçün 25-dən çox inteqrasiya proqramı reallaşdırılacaq. Bu, eyni zamanda, 200 mindən çox iş yerinin yaradılması və ümumi daxili məhsulun 3 faiz artımı da daxil olmaqla, əhəmiyyətli iqtisadi nailiyyətlər əldə etmək üçün nəzərdə tutulub. Bundan başqa, ABŞ və BƏƏ arasında birgə təşəbbüs olan “İqlim üçün kənd təsərrüfatı innovasiya missiyası” (AIM4C) hazırda dünyada hökumətlər və qeyri-təsərrüfat təşkilatları da daxil olmaqla, 500-dən çox tərəfdaşa malikdir. Onlar bütün dünyada iqlimə uyğun kənd təsərrüfatına və müasir qida sistemlərinə təxminən 13 milyard dollar sərmayə qoymağı öhdələrinə götürüblər.
Nazir sonda bildirib: “Texnologiya bizə sudan istifadəni, enerji artımını, qida tələbi və təklifini izləməyə kömək edə bilər. Blokçeyn, IoT və süni intellekt kimi rəqəmsal texnologiyaların inteqrasiyası tədarük zəncirinin şəffaflığını, izlənilməsini və səmərəliliyini artıra bilər. Bu, qida tullantılarını azalda, qida təhlükəsizliyini yaxşılaşdıra və resursların ədalətli bölüşdürülməsini təmin edə bilər”.