Dağıstan Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqələrini modernləşdirir
Moskva, 30 iyul, AZƏRTAC
Dağıstanın Baş naziri Maqomed Ramazanov Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Kazmalyar” və “Taqirkent-Kazmalyar” avtomobil buraxılış məntəqələrinin işi ilə tanış olub.
AZƏRTAC Dağıstan Respublikası hökumətinə istinadla xəbər verir ki, hər iki buraxılış məntəqəsi Maqaramkent rayonunda yerləşir və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir.
Yenilənmiş “Yaraq-Kazmalyar” buraxılış məntəqəsinə səfər zamanı M.Ramazanov onun texniki təchizatı və sərhəd infrastrukturunun gələcək inkişaf perspektivləri ilə tanış olub. Buraxılış məntəqəsinin yenidən qurulmasına 2020-ci ildə başlanılıb.
Keçən il buraxılış məntəqəsinin tutumu 11 faiz artırılaraq gündə 640 yük maşınına çatdırılıb. Burada, həmçinin rəqəmsal yoxlama sistemləri də tətbiq olunur ki, bu da ilin sonuna qədər yük maşınlarının standart yoxlama müddətini 10 dəqiqəyə endirməyə imkan verməlidir.
M.Ramazanov, həmçinin “Taqirkent-Kazmalyar” keçid məntəqəsinin yenidən qurulmasının gedişatı ilə də tanış olub. Burada yük daşınması 2022-ci il aprelin 29-da açılıb. Hazırda keçid məntəqəsi gündə orta hesabla 230 yük maşını qəbul edir.
Yenidənqurma işlərinin başa çatması 2028-ci ilin dördüncü rübünə planlaşdırılır. İşlər yekunlaşdıqdan sonra keçid məntəqəsinin ötürmə qabiliyyəti gündə 200-dən 2360 nəqliyyat vasitəsinə, o cümlədən 1100 yük maşınına qədər artmalıdır. Hərəkət zolaqlarının sayı 8-dən 20-yə qədər artacaq.