Dağıstan Dövlət Tibb Universiteti Azərbaycan Tibb Universiteti ilə əlaqələrin inkişafında maraqlıdır
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Rusiya Federasiyasının Dağıstan Dövlət Tibb Universiteti və Özbəkistanın Buxara Dövlət Tibb İnstitutunun nümayəndə heyətləri ilə görüş keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov qonaqlara ölkəmizdə tibb üzrə ali təhsilin strukturu, universitetin tarixi və fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb. ATU-nun hazırda mövcud olan dörd klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2 min 500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, bir milyona yaxın kitab ehtiyatı olan kitabxanası fəaliyyət göstərir. Universitetdə tədris olunan üç ixtisas Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin akkreditasiyasını keçib. Xarici tələbə sayına görə də ATU ölkə üzrə birinci yerdədir. Prorektor R.Bəylərov qonaqlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Rusiya Federasiyasının Dağıstan Dövlət Tibb Universitetinin Elmi işlər üzrə prorektoru Naidə Mollayeva belə əhəmiyyətli tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib, təmsil etdiyi ali təhsil qurumu haqqında məlumat verərək ATU ilə qarşılıqlı əlaqələrin inkişafinda maraqlı olduqlarını bildirib.
Nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasını da ziyarət edərək burada yaradılan şəraitlə tanış olublar.