Dağıstan nümayəndə heyəti Bakıdakı Rus evində olub
Bakı, 21 fevral, AZƏRTAC
Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdakı Rus evində olub. Burada “Samur” Ləzgi milli mədəniyyət mərkəzi, Azərbaycanın Avar cəmiyyəti və Rus icması həmvətənlər təşkilatlarının təmsilçiləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bildiriblər.
Tədbirdə Bakıdakı Rus evi rəhbərinin müavini Yelena Mazaeva, Xalq Məclisində Dağıstan başçısının səlahiyyətli nümayəndəsi Nüsrət Ömərov, Dağıstan Hökuməti sədrinin müavini Ramazan Cəfərov, Dağıstanın kənd təsərrüfatı naziri Muxtarbiy Acekov, Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Cambulat Salavov, Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanov, Dağıstanın sənaye və ticarət naziri Nizam Xəlilov, Dağıstanın sahibkarlıq və sərmayə üzrə agentliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Hüseyn Hüseynov, “Mahaçqala aeroportu” Səhmdar Cəmiyyətinin Baş direktoru Səid Ramazanov iştirak ediblər.
Görüşdə Azərbaycan ərazisində rusiyalı həmvətənlər tərəfindən təşkil olunan tədbirlərdə Dağıstan Respublikası təmsilçilərinin iştirakı məsələləri, eləcə də regionlararası əməkdaşlığın perspektivləri müzakirə olunub.