DAĞLIQ QARABAĞDA İŞBİRLİYİ QURAN XARİCİ ŞİRKƏTLƏRİN SİYAHISI HAZIRLANIR
Siyahıya Daevvoo-Unitel Özbəkistan-Koreya mobil telefon müştərək müəssisəsi başçılıq edir. Şirkət Özbəkistanda qeydiyyatdadır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni fəaliyyət göstərən “Qarabağtelekom” şirkəti ilə beynəlxalq rouminq və SMS xidməti çərçivəsində əməkdaşlıq edir. Bununla bağlı Azərbaycanın Özbəkistandakı səfirliyi adıçəkilən şirkətin reklam məhsullarından “Qarabağtelekom” şirkəti ilə rabitə əlaqəsi haqqında məlumatın, Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən rəmz və mətnin çıxarılmasına nail olmuşdur.
Ukraynanın “Kiyevstar”, İtaliyanın Gruppo Telekom Mobile SPA şirkətləri də “Qarabağtelekom”la beynəlxalq rouminq və SMS çərçivəsində əməkdaşlıq edirlər. İtalyan şirkətinin rəhbərliyi Romadakı səfirliyimizə bildirib ki, qurumun “Qabağtelekom” şirkəti ilə əməkdaşlığı sonuncunun GSM Assosiation təşkilatına üzvlüyündən irəli gəlir.
Siyahıda İtaliyada yerləşən Vodefon Omnitel N.V. İtaliya-Böyük Britaniya müştərək mobil telefon şirkətinin, Fransanın Pernod Ricard şirkətinin, Ümumdünya Poçt İttifaqının da adı vardır. Pernod Riçard qeyri-qanuni “Qarabağtelekom” şirkəti ilə rouminq və SMS çərçivəsində əməkdaşlıqla yanaşı, qeyri-qanuni “Garabag qold” şirkəti ilə də işbirliyi quraraq, üzüm ixracı barədə müqavilə bağlamışdır. Xatırladaq ki, Pernod Ricard Yerevan konyak zavodunun sahibidir.
Bu, tam siyahı deyildir. Xarici İşlər Nazirliyi siyahının dəqiqləşdirilməsi ilə bağlı araşdırmaları davam etdirir. Siyahı ilə bağlı iş başa çatandan sonra XİN beynəlxalq hüquq normalarına uyğun tədbirlər görəcəkdir.