DAHİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNDƏ RUSİYA REGİONLARINDA GƏNCLƏR KLUBLARI AÇILMIŞDIR
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Rusiyada yaşayan azərbaycanlı gənclər ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 85 illik yubileyi münasibətilə xatirə tədbirləri keçirmişlər. Bu əlamətdar günlərdə RF-nin bir sıra regionlarında Azərbaycan gənclər klubları açılmışdır.
Sverdlovsk, Kurqan vilayətlərində, Primorsk diyarında və Yamal-Nenetsk muxtar dairəsində gənc soydaşlarımız Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yubileyi münasibətilə yığıncaqlar keçirmişlər, sonra Azərbaycan gənclər klublarının təntənəli açılışı olmuşdur.
Müxtəlif ali məktəblərdə təhsil alan tələbələrin, Rusiya regionlarının gənclər hərəkatları nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar klubların açılması münasibətilə təbrik məktubu oxunmuşdur.
Bildirilmişdir ki, mayın 10-da, Heydər Əliyevin yubileyi günü “AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatının Rusiya tarixində ilk vebsaytı açılmışdır. Bu sayt AMOR təşkilatının fəaliyyəti, görülən tədbirlər, Azərbaycan gənclərinin həyatı haqqında operativ məlumatlarla, habelə ölkəmizin tarixi və mədəniyyəti, Azərbaycan ilə Rusiya arasında ənənəvi əlaqələr və s. barədə materiallarla tanış olmaq imkanı əldə edən Azərbaycan gənclərini birləşdirən körpü olacaqdır.
Gənclərin nümayəndələri çıxışlarında Rusiyada yaşayan azərbaycanlı gəncləri dəstəklədiyinə, gənclərin birləşməsinə və müvafiq qurumun yaradılmasına, habelə dünyanın bütün guşələrində yaşayan gənclərimizin bir-biri barədə məlumat alması və daha sıx ünsiyyət bağlamasına kömək edəcək vebsaytın açılmasına görə Leyla Əliyevaya dərin təşəkkürlərini bildirmişlər. Qeyd olunmuşdur ki, yeni internet saytı Azərbaycan və Rusiya gənclərinin yaxınlaşmasının daha bir amili olacaqdır. Yekdil rəyə görə, RF regionlarında klubların yaradılması Rusiyada Azərbaycan gənclər hərəkatının möhkəmlənməsinə yeni təkan verəcəkdir. Klubların əlaqələrin möhkəmlənməsinə yönəldiləcək fəaliyyəti Azərbaycan xalqının lideri Heydər Əliyevin milli birlik ideyasının həyata keçirilməsinə kömək göstərəcəkdir.