MƏDƏNİYYƏT
Danimarka tabloidində Yanardağ haqqında məqalə dərc edilib
Stokholm, 28 dekabr, AZƏRTAC
Danimarkada çıxan “Ekstra Bladet” tabloidində “Dörd min ildən bəri yanan əbədi məşəl” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanın Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs edilir.
Məqalədə qeyd edilir ki, “Odlar Yurdu” adı ilə məşhur olan Azərbaycanda bir dağın döşündə daim yanan alov görmək olar. Hətta yağışlı, qarlı və küləkli havada da bu alov sönmür.
Abşeron yarımadasında yerləşən Yanardağ külli miqdarda təbii qazın yerin səthinə çıxması nəticəsində yaranıb. Bu səbəbdən minilliklər boyu Yanardağ Azərbaycana gələn səyyahları valeh edən məkanlardan biri sayılıb.
XIII əsrdə venesiyalı tədqiqatçı Marko Polo burada gördüyü əsrarəngiz hadisələri təsvir edib. Yanardağı görmüş digər səyyahlar da başqa ölkələrə səfər edərkən bu “yanan torpaq” barədə xəbəri yayıblar. Bu səbəbdən Azərbaycan “Odlar Yurdu” kimi məşhurlaşıb.
Məqalədə deyilir: “Əvvəllər Azərbaycanda buna oxşar təbii yanma hadisələri çox olub, lakin qazın kommersiya məqsədilə hasilatına başlanandan sonra yeraltı təzyiq düşüb və belə məkanların sayı tədricən azalıb. Ona görə də təbii yanar yerlərin çoxu artıq mövcud deyil. Alovun eni 10 metrə çatan Yanardağ isə ən güclü təsir bağışlayan məkanlardan biridir”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm