Danimarka və İsveç Türkiyədə zəlzələdən zərərçəkənlərə əlavə yardım göndərəcək
Stokholm, 22 fevral, AZƏRTAC
Danimarka və İsveç Türkiyədə zəlzələdən zərərçəkənlərə əlavə yardım göndərəcəklər.
AZƏRTAC xəbər verir ki, Danimarka hökuməti Türkiyənin zəlzələ zonasına 42 konteyner göndərilməsi barədə qərar qəbul edib. Bu ölkənin Fövqəladə Hallar Agentliyi bu mobil evlərin Türkiyəyə çatdırılmasını təşkil edir. Dörd nəfər üçün nəzərdə tutulan konteynerlər istilik sistemi və kondisionerlə təchiz olunub.
Danimarka bundan əvvəl 42 mindən çox insanın həyatını itirdiyi dağıdıcı zəlzələdən sonra Avropa İttifaqı Türkiyə arasında daha sıx əməkdaşlığa çağırmışdı.
Qonşu İsveçdə də təbii fəlakətdən zərər çəkmiş Türkiyəyə əlavə yardımlar edilməsi barədə qərar qəbul olunub. Bu ölkənin İnkişaf Naminə Beynəlxalq Əməkdaşlıq Agentliyi (Sida) tərəfdaş humanitar təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə 3 milyon avro məbləğində təcili yardım ayırıb. Agentlikdə qeyd ediblər ki, yardım əsas ehtiyacların təmin olunmasına, qış geyimləri, içməli su və uşaqlara psixoloji yardımlara yönəldiləcək. Bununla yanaşı, zəlzələ bölgəsinə dərman preparatları, ilkin tələbat malları da göndəriləcək, həmçinin zərər görmüş su təchizatı sistemi təmir olunacaq.
Qeyd etmək lazımdır ki, İsveç indiyədək Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə 13,6 milyon avroluq yardım göndərib. Bundan başqa, yaxın vaxtlarda Avropa Komissiyası İsveçin sədrliyi ilə yardım toplamaq məqsədilə donorların konfransını təşkil edəcəklər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm