DAŞKƏNDDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ ASSOSİASİYASI YARADILMIŞDIR
Daşkənd şəhərində Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının təsis konfransı keçirilmişdir.
Konfransda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisi Valeh Hacıyev, şöbə müdiri Səbuhi Rüstəmov, Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Surxay Əliyev, Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Konfransda Valeh Hacıyev çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması işinin təxirəsalınmaz vəzifə olduğunu qeyd etmişdir. O demişdir:
- Möhtərəm Prezident Heydər Əliyev diasporla işə xüsusi diqqət verir. Dünya Azərbaycanlılarının Bakıda keçirilən birinci qurultayını xatırlatmaq kifayətdir. Azərbaycan Prezidenti qurultaydakı çıxışında qeyd etmişdi ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın qayğı və problemləri ilə məşğul olan bir qurum yaradılacaqdır. Budur, belə bir komitə yaradılıb və əhatəli iş aparılır.
Sonra Azərbaycan diasporunun tanınmış üzvlərindən olan Akif Ağatalıbov Assosiasiyanın sədri, Teyyub Səfərov və Sabir Sadıqov sədrin müavinləri, Nadir Əliyev icraçı direktor, həmçinin on beş nəfərlik idarə heyəti və təftiş komissiyasının üzvləri seçilmiş, qurumun Əsasnaməsi təsdiq edilmişdir.
Nadir Əliyev öz çıxışında demişdir ki, hazırda Daşkənd və Səmərqənd şəhərləri üzrə mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Yaxın vaxtlarda Buxara, Nəvai, Sırdərya və Fərqanə vilayətlərində də Azərbaycan mədəniyyət mərkəzləri yaradılacaq və bu mərkəzlər Daşkənddə yaranan Assosiasiyaya tabe olacaqlar.
Səfirliyimizin müşaviri Surxay Əliyev, soydaşlarımızdan İrina Məmmədova, İbrahim İbrahimov, Arzu Məhərrəmov, Almaz Məcidova, Şövkət Əliyeva, Paşa Rüstəmov və başqaları çıxış edərək bu işdə soydaşlarımıza uğurlar arzulamışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd