Daşkənddə Əfqanıstan üzrə beynəlxalq konfrans keçirilib
Daşkənd, 27 mart, AZƏRTAC
Daşkənddə Əfqanıstan üzrə “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Özbəkistan və Əfqanıstan prezidentləri Şavkat Mirziyoyev və Məhəmməd Əşrəf Qani, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiti Yamamoto, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirə Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Hindistan, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri və ya müavinləri də qatılıblar. Ümumiyyətlə, konfransda 25 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.
Şavkat Mirziyoyev konfransdakı çıxışında bildirib ki, bu gün regionun ən böyük problemlərindən olan Əfqanıstan münaqişəsi ilə bağlı səmərəli müzakirələr aparıb birgə qərar qəbul edəcəyik. Əslində, əfqan xalqı bu müharibəyə məcbur edilib, müharibə bu xalqın seçimi deyil. Bu illər ərzində yüz minlərlə dinc əhali müharibənin qurbanı olub, milyonlarla insan öz evini tərk edib və başqa ölkələrdə sığınacaq tapıb. Münaqişəyə yeni qüvvələrin cəlb edilməsi müharibəni daha da gərginləşdirib. Bu, artıq Əfqanıstan münaqişəsi yox, mürəkkəb beynəlxalq problemdir. Əfqanıstanın təhlükəsizliyi Özbəkistanın təhlükəsizliyidir, ümumilikdə isə Mərkəzi və Cənubi Asiyanın sabitliyidir.
Özbəkistan Prezidenti Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında dialoqa çağırıb.
Sonra Məhəmməd Əşrəf Qani, Tadamiti Yamamoto, Federika Moqerini və digər rəsmilər çıxış edib, Əfqanıstan probleminin nizama salınması üçün bütün dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların səfərbər edilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüraciəti olub, konfransda iştirak edən xarici işlər nazirləri çıxış ediblər.
Tədbirdə Əfqanıstanda sülh və sabitliyin təmin olunması, təhlükəsizliyin qorunması, iqtisadiyyatın dirçəldilməsi və digər taleyüklü məsələlər müzakirə edilib, təkliflər səsləndirilib.
Yekunda Daşkənd Bəyannaməsi qəbul edilib.
Sonda Özbəkistanın və Əfqanıstanın xarici işlər nazirləri Əbdüləziz Kamilov və Salahuddin Rabbani mətbuat konfransı keçiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd