Daşkənddə narkotiklərlə mübarizənin gücləndirilməsinə dair görüş başa çatıb
Daşkənd, 3 may, АZƏRTAC
BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) xətti ilə narkotiklərə nəzarət üzrə 1996-cı ildə imzalanan regional əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma haqqında Memorandumun tərəfləri olan dövlətlərin Daşkənddə keçirilən11-ci görüşü nazirlər səviyyəsində başa çatıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistanın nümayəndələri iştirak ediblər.
Tədbirin ikinci günü ölkəmizi xarici işlər nazirinin müavini Araz Əzimov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov və onları müşayiət edən nümayəndə heyəti təmsil edib.
Özbəkistan, Rusiya, Tacikistanın xarici işlər nazirləri Abdulaziz Kamilov, Sergey Lavrov və Sirociddin Muxiddin, Qazaxıstan xarici işlər nazirinin birinci müavini Muxtar Tleyberdi, Qırğızıstan xarici siyasət idarəsi rəhbərinin müavini Azizbek Madmarov, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov və digər çıxış edənlər narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat veriblər.
Araz Əzimov Azərbaycanda narkotiklərlə mübarizə sahəsində görülən işlər haqqında məlumat verib, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Nazir müavini sərhəd-keçid məntəqələrində ciddi nəzarət rejiminin yaradılması, narkotik maddələrin operativ və vaxtında aşkar olunması üçün mobil laboratoriyaların yaradılması, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin qorunması, narkomanların tibbi müalicəsində müasir metodlardan istifadə, cinayətkarlığın, narkotik aludəçiliyinin qarşısının alınması istiqamətində gənclərin maarifləndirilməsi və digər məsələlər haqqında söhbət açıb.
Tədbirin sonunda narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi sahəsində əməkdaşlıqla bağlı 11-ci görüşün yekun sənədi - Memorandum imzalanıb.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd