Daşkəsəndə narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən şəxs saxlanılıb
Daşkəsən, 15 fevral, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Nemət Süleymanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən N.Süleymanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.