CƏMİYYƏT
Daxili Qoşunların birinci Avropa Oyunları zamanı xidmətə cəlb edilmiş hərbi qulluqçuları mükafatlandırılıb
Bakı, 13 iyul, AZƏRTAC
Daxili Qoşunların birinci Avropa Oyunları zamanı xidmətə cəlb edilmiş hərbi qulluqçuları mükafatlandırılıb.
Mükafatlandırma mərasimlərində qeyd olunub ki, Daxili Qoşunlar qarşıda duran vəzifələrin icrasına bundan sonra da məsuliyyətlə yanaşacaq, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirəcək.
Daxili Qoşunların şəxsi heyətinin peşəkarlığı birinci Avropa Oyunları zamanı bir daha təsdiqini tapdı. Qoşunların nümunəvi xidməti fəaliyyəti, hər bir hərbi qulluqçunun dövlətinə və dövlətçiliyə sadiq, Vətəninə, xalqına son dərəcə bağlı olduğunu nümayiş etdirdi.
Tarixə birinci Avropa Oyunları kimi yazılan, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən mötəbər beynəlxalq idman tədbiri zamanı ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular şəxsi heyətin vəzifə borclarına məsuliyyətli münasibətini daim diqqət mərkəzində saxlayan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun və onun müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun müvafiq əmrləri ilə mükafatlandırılıblar.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarədə və hərbi hissələrdə böyük təntənə ilə qeyd olunan mükafatlandırma mərasimlərində general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış edib. O, birinci Avropa Oyunları zamanı respublikamızda mövcud ictimai sabitliyin və təhlükəsizliyin qorunmasında, eləcə də belə möhtəşəm tədbirin yüksək səviyyədə başa çatmasında respublikanın digər güc strukturları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçularının xidmətini xüsusilə vurğulayıb. Bildirib ki, Qoşunların xidmətə cəlb olunmuş şəxsi heyəti ictimai təhlükəsizliyin qorunması üçün qarşıya qoyulan mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, göstərilən etimadı doğruldub.
Qeyd olunub ki, Daxili Qoşunlar qarşıda duran vəzifələrin icrasına bundan sonra da məsuliyyətlə yanaşacaq, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirəcək.