CƏMİYYƏT
Daxili stressin qarşısını almaq üçün gündə cəmi 25 dəqiqə meditasiya ilə məşğul olmaq lazımdır
Bakı, 5 iyul (AzərtAc). Karneqi Mellon Universitetinin mütəxəssisləri müəyyən etmişlər ki, daxili stressi aradan qaldırmaq üçün gündə cəmi 25 dəqiqə meditasiya etmək kifayətdir.
AZƏRTAC xəbər verir ki, alimlər 18-30 yaşlarında 66 könüllünün iştirakı ilə eksperiment aparmışlar. Əvvəlcə tədqiqat iştirakçıları iki qrupa bölünmüşlər. Birinci qrupun iştirakçılarına məqamı tutmaq və fikri cəmləşdirmək bacarığı aşılayan tənəffüs hərəkətləri üzrə ustad dərs keçirilmişdir. İkinci qrupun iştirakçıları üçün poeziya nümunələrinin təhlili yolu ilə problemlərin həllinin koqnitiv vərdişlərinin formalaşdırılması üzrə üç günlük ustad dərs keçirilmişdir. Tədqiqat başa çatandan sonra bütün iştirakçılar alimlərin xahişi ilə şifahi və riyazi testlərdən keçmiş, onların tüpürcəyi müayinə olunmuşdur. Daha sonra iştirakçıların emosional səviyyəsinə dair sorğu vərəqi doldurulmuşdur.
Nəticədə məlum olmuşdur ki, yadda saxlama meditasiyasının köməyi ilə stressin xeyli dərəcədə azalmasına nail olmaq mümkündür. Lakin plasebo effekti tamamilə istisna deyildir. Ola bilsin, meditatisiya qrupunun iştirakçıları əmin idilər ki, stressdən qurtulacaqlar. Yüngüllük hiss etdikləri üçün orqanizmdə kortizolun səviyyəsi “azalmışdır”. Lakin elmi-tədqiqat qrupunun üzvləri tamamilə başqa fikirdədirlər: meditasiya kortizolun səviyyəsini birbaşa azaldır.