Dəmir yolunun Əlikənd-Ləki mənzilində 300-cü kilometr əsaslı təmir olunmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi” haqqında Sərəncamının icrası istiqamətində tədbirlər davam etdirilir.
“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri həyata keçirilir. Noyabrın 13-də səhər saatlarında dəmir yolunun Əlikənd-Ləki mənzilində 300-cü kilometrin əsaslı təmiri başa çatdırılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov və müvafiq qurumların rəhbərləri iştirak etmişlər. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri aparır.
Tədbirdə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, ilk 100-cü kilometrin təmiri 2012-ci ilin iyulun 21-də Mingəçevir stansiyasında, 200-cü kilometrin təmiri isə 2013-cü il martın 8-dən 15- dək dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilmişdir. Eyni zamanda bu günə kimi əsaslı təmir olunmuş 300 kilometrin 235 kilometri 800 metrlik uzunölçülü relslərlə əvəzlənmişdir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı müvafiq cədvələ uyğun aparılır.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.