İQTİSADİYYAT
“DəmirBank” 2013-cü ili uğurlu nəticələrlə başa vurmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). “DəmirBank”maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı baxımından 2013-cü ili uğurlu nəticələrlə başa vurmuşdur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, bankın aktivləri il ərzində 5,7 faiz artaraq, 405,2 milyon manata, müştərilərə verilən kreditlər 10,4 faiz artaraq 310 milyon manata, əhalinin əmanətlərinin həcmi isə 19,4 faiz artaraq 158,1 milyon manata çatmışdır. Bankın məcmu kapitalı 59,4 milyon manat təşkil etmişdir.
Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) də olan “DəmirBank” Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqinə malikdir. 2013-cü ildə isə Planet Rating agentliyinin “stabil” proqnozundan “pozitiv” proqnozlu “B” reytinqinədək yüksəlmişdir.
Bank beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı davam etdirərək, 2013-cü ildə 42 milyon ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalamışdır. Həmçinin EBRD və Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə ölkə üzrə ən uzun müddətli, böyük məbləğdə kredit müqaviləsi imzalamışdır.
Azərbaycanda ilk dəfə pul köçürmələrini banka gəlmədən almaq imkanı verən LeaderCard məhsulunu müştərilərə təqdim etmiş və Monex pulköçürmə sisteminə qoşulmuşdur.