SİYASƏT
Den Berton: “Azərbaycan Qafqazın demokratik gücüdür”
Vaşinqton, 16 oktyabr (AZƏRTAC). ABŞ-ın “The Washington Times” qəzetində İndiana ştatından keçmiş konqresmen, Konqresin xarici əlaqələr komitəsinin Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitəsinin sədri Den Bertonun “Azərbaycan təbriklərə layiqdir” sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə deyilir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsindən sonra ABŞ Dövlət Departamenti rəsmi Bakını tənqid etmişdir. Mərkəzi Avropa Siyasi Monitorinq Qrupundan olan beynəlxalq müşahidəçi Arturas Mankaviçiusun fikrincə, “Azərbaycanda seçkilər seçki məcəlləsinin normalarına və beynəlxalq standartlara uyğun keçirilmişdir”. D.Berton yazır ki, Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitənin sədri kimi və xüsusi şəxs qismində o, bir neçə dəfə Azərbaycana səfər etmiş və Prezident İlham Əliyev ilə, eləcə də onun atası, sabiq prezident Heydər Əliyev ilə görüşmüşdür. D.Berton qeyd edir ki, bu prezidentlər büdcə profisitinin 50 milyard dollar təşkil etdiyi inkişaf edən iqtisadiyyata malik azad cəmiyyət yaratmışlar. Demək olar ki, istənilən seçkilər zamanı, xüsusilə Azərbaycan kimi gənc demokratik ölkələrdə siyasi partiyaların narazılığına səbəb olan texniki səhvlər, seçki məntəqələrinin idarə edilməsində müəyyən nöqsanlar baş verə bilər. Müəllif vurğulayır ki, lakin Azərbaycan müstəqilliyin bərpasından sonra əldə olunmuş uğurlara görə tənqidə deyil, təbriklərə layiqdir. Azərbaycan Qafqazın demokratik gücüdür.
D.Berton bildirir ki, ABŞ Dövlət Departamenti tərəfindən verilən məsuliyyətsiz bəyanatlar yalnız Azərbaycana zərər verməyəcəkdir, həm də təkcə bu regiondakı dostlarımız üçün deyil, eyni zamanda, Birləşmiş Ştatların özü üçün uzunmüddətli problemlər yaradacaqdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton