“Deprem bayatıları” adlı videoçarx hazırlanıb
Bakı, 15 fevral, AZƏRTAC
Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk dəqiqələrindən Azərbaycanın rəhbərliyi başda olmaqla, bütün xalqımız qardaş ölkənin yanında olmaqla öz mənəvi və maddi dəstəyini göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsrin ən böyük zəlzələsinin baş verdiyi gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana Kahramanmaraşda baş vermiş və bir çox bölgələrində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndiyini bildirərək bu ağır zamanda hər cür yardım göstərməyə hazır olduğunu bildirmiş, faciə ilə əlaqədar R.T.Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, yaralılara şəfa diləmiş, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulamışdı.
Kədəri kədərimiz, sevinci sevincimiz olan qardaş Türkiyəyə dəstəyimiz bu gün də davam etməkdədir. Hər kəs əlindən gələn köməyi əsirgəmir və zəlzələnin vurduğu yaraların tezliklə sağalacağına əminliyini bildirir.
Bu təbii fəlakət yaradıcı insanlara da təsirsiz ötüşməyib.
AZƏRTAC “Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi”, Azərbaycan yalnız deyil” kitablarının, eləcə də “Azərbaycan-Türkiyə” (bəstəkar: Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli), “Qardaşlıq nəğməsi” (bəstəkar: Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə) mahnılarının, eləcə də Türkiyədə meşə yanğınlarına həsr olunan “Azərbaycan yanındadır, Türkiyəm!” layihəsinin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin zəlzələ qurbanlarının xatirəsinə həsr etdiyi “Deprem bayatıları” adlı şeiri əsasında hazırlanan videoçarxı ilk olaraq təqdim edir.
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin məşhur musiqisinin müşayiəti ilə müəllifin səsləndirdiyi “Deprem bayatıları”nda Azərbaycan və Türkiyə xalqlarının dostluq və qardaşlığının əbədi, sarsılmaz olduğu bir daha öz əksini tapıb.