İDMAN
Diana Bakozi və Valerio Lukini: Belə şəraitdə çıxış etmək hər bir atletin arzusudur
Bakı, 22 iyun, Əziz Məmmədov, AZƏRTAC
“Valerio Bakıda keçirilən birinci Avropa Oyunlarında ən yüksək əyarlı medal qazanmaq xoşbəxtliyinə nail olub. Mən isə burada ilk dəfədir ki, qələbə sevincini yaşayıram. İki gün bundan əvvəl keçirilmiş dramatik final görüşündə britaniyalı idmançı Amber Hill qələbəni mənim əlimdən ala bildi. Bu gün isə mən fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Sevincimi təsvir etməyə söz tapmıram. Mənim fikrimcə, Avropa Oyunları qəbilindən olan yarışlarda təmsil etdiyi ölkənin bayrağının qaldırılması, onun dövlət himninin səslənməsi hər bir idmançı üçün ən yüksək mükafatdır”.
Birinci Avropa Oyunlarında dairəvi stenddə atəşaçma (skit) yarışlarında İtaliya yığmasının nümayəndəsi, qarışıq cütlüklər arasında qalib gəlmiş duetin üzvü Diana Bakozi bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
İtaliyalı idmançı və onun tərəf-müqabili Valerio Lukini Bakı haqqında və birinci Avropa Oyunlarının təşkili barədə təəssüratlarını bölüşərək deyiblər: “Bakı çox gözəl, təmiz, nağılvarı şəhərdir. Tamaşaçıların bizi çox səmimi qəbul etməsini xüsusi vurğulamaq istərdik. Bu şəraitdə çıxış etmək çox rahat idi. “Bakı-2015” yarışlarının təşkili səviyyəsini qeyd etməmək olmaz. Atletlər Kəndi xüsusilə xoşumuza gəldi. Buradakı otaqlar “Olimpiya kəndləri” üçün qəbul edilmiş ən yüksək standartlar səviyyəsindədir. Atletlər Kəndində idmançıların formadan düşməməsi üçün zəruri olan çoxprofilli idman zalı, sauna və hovuz fəaliyyət göstərir. Yeməkxanada sutkada 24 saat Avropa və Azərbaycan mətbəxinin ləziz yeməkləri təklif edilir. Geniş əyləncə mərkəzində bütün sutka boyu işləyən kinoteatr, stolüstü tennis, bilyard və başqa oyun zalları var. Belə şəraitdə çıxış etmək hər bir atletin arzusudur”.