DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ YUBİLEY TƏDBİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Komitənin sədri Hidayət Orucov qeyd etmişdir ki, dünya miqyasında böyük siyasətçi və görkəmli dövlət xadimi kimi tanınan Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixinin çox mühüm dövrlərini əhatə edir. Ulu öndər sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi zaman respublikamız sürətli inkişaf yolu keçmiş, qısa müddətdə ittifaqda aparıcı respublikalardan birinə çevrilmişdir. O dövrdə 14 il ərzində respublikada 250 sənaye müəssisəsi yaradılmış, onların istehsal etdikləri məhsullar dünyanın bir çox ölkələrinə ixrac edilmişdir.
Natiq bildirmişdir ki, Azərbaycan xalqının milli şüurunun formalaşmasında böyük xidmətləri olmuş müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə antimilli tendensiyalara, milli-mənəvi dəyərlərə qarşı yönəlmiş siyasətə son qoyulmuşdur. Onun ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan tarixinin öyrənilməsi və yazılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, tarixi-dini abidələrin bərpası istiqamətində görülən tədbirlər respublikamızın ittifaqla yanaşı, bütün dünyada tanınmasında böyük rol oynamışdır.
Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışına toxunan sədr bu illəri çətin və mürəkkəb dövr adlandırmışdır. Qeyd etmişdir ki, əslində bu, hakimiyyətə qayıdış yox, məhv olmaq təhlükəsi ilə üzləşmiş bir ölkəni xilas etmək missiyasını öz üzərinə götürmək idi. Heydər Əliyev xilaskarlıq missiyasının öhdəsindən şərəflə gəldi. Onun məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın təşkilatçılığı və iştirakı ilə böyük iqtisadi layihələr uğurla həyata keçirilmiş, ölkəmiz regionun aparıcı dövlətinə çevrilmişdir.
Natiq vurğulamışdır ki, Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilən perspektivli siyasət ölkəmizin gələcəkdə daha böyük uğurlar qazanmasına zəmin yaradır.
Komitənin əməkdaşlarının çıxışlarında da müstəqil Azərbaycan dövlətinin, güclü ordunun və iqtisadiyyatın yaradılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, tarixi-dini abidələrin bərpasında ümummilli liderin misilsiz xidmətləri qeyd edilmişdir.