DÜNYA
Diyarbəkirdə məhv edilən beş terrorçudan dördü axtarışda olub
Ankara, 26 aprel, AZƏRTAC
Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda “Bayraq - 123” adı altında keçirilən uğurlu antiterror əməliyyatı zamanı zərərsizləşdirilən beş nəfərdən dördünün adı təhlükəli terrorçular siyahısında yer alıb.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, “Doktor Ferhat” ləqəbli Hamit Aydoğan, “Reşit” ləqəbli Mehmet Reşat Tekin, “Merhas” ləqəbli Müslüm İrmak və “Aziz Ararat” ləqəbli Mesut Aktaş Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən konkret cinayət əməllərinə görə axtarışda olublar. Onların hər birinin ələ keçirilməsi üçün DİN tərəfindən 300 min lirə (50 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub.
Rəsmi məlumatlarda bildirilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgədə antiterror əməliyyatlarını davam etdirir. Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalındakı Qara, Zap və Avaşin bölgələrindəki PKK düşərgələrinə dağıdıcı zərbələr endiriblər. Nəticədə terrorçulara məxsus sığınacaq və anbarlar məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara