Doğu Akdeniz Universitetində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri qəti şəkildə pisləmişlər
Bakı, 26 fevral (AZƏRTAC). Şimali Kiprin Doğu Akdeniz Universitetində (DAU) Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş mitinqi keçirilmişdir.
DAU-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Əcnəbi tələbələrin də qoşulduğu yürüşdə müxtəlif dillərdə “Ya Qarabağ ya ölüm”, “Qarabağ bizimdir bizim olacaq”, “Xocalıya ədalət’” və digər şüarlar səsləndirilmişdir.
Sonra “Dolu” filminin təqdimatı olmuşdur. İzləyicilərin böyük marağına səbəb olan filmdə baş rolda çəkilmiş aktyor Məmməd Səfa tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli Xocalı ilə bağlı çıxış etmiş, tələbələri birliyə səsləmişdir.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri, DAU-nun türk ölkələri üzrə rektor əlaqələndiricisi Orxan Həsənoğlu da dünya birliyinin hələ də bu vəhşiliyə biganə yanaşmasından danışmışdır. Dünya birliyi hələ də bu vəhşiliyə susur.
DAU-nun rektoru, professor Abdullah Öztoprak çıxışında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri qəti şəkildə pisləyərək, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında törətdiyi vandalizmdən, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsindən danışmışdır.