DÜNYA
Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmayıb
Bakı, 22 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Bildirilir ki, D.Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib.
Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.
Bu açıqlamadan sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunacaq.
ABŞ Prezidenti Donald Tramp keçən il mayın 8-də isə ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.