REGİONLAR
Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək - layihə gələn ilin sonunadək yekunlaşacaq
![Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək - layihə gələn ilin sonunadək yekunlaşacaq](/files/2023/3/1200x630/17004699601448314218_1200x630.jpg)
Ağdam, 20 noyabr, T.Ağaməmmədov, AZƏRTAC
Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək. Şəhərdaxili yollarda rahat hərəkəti təmin etmək üçün piyada, velosiped və ictimai nəqliyyatın hərəkət edəcəyi avtobus yolları, tıxacın qarşısını almaq üçün parkinq zolaqlarının tikintisi nəzərdə tutulub. Layihənin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı eksklüziv açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
“Ağdamda, həmçinin Muğam Mərkəzi, hotellər, Mərkəzi və Meşə parkı da fəaliyyət göstərəcək. Şəhərin istirahət zonasında süni göl yaradılacaq və ətrafı bulvar, meşə parkı olacaq. Şəhər əhalisini istiliklə təmin etmək məqsədilə qazanxana komplekslərinin tikintisi planlaşdırılır. Bir sözlə, Ağdam həqiqətən Azərbaycanın ən müasir və mötəbər ünvanlarından biri, modern şəhərlərindən olacaq”, - deyə o əlavə edib.
Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. Bu gün - noyabrın 20-də şəhər erməni işğalçılarından azad edilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.