DOST Agentliyinin könüllüləri tənha yaşayan 69 yaşlı vətəndaşa sosial xidmət göstəriblər
Bakı, 14 aprel, AZƏRTAC
Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi karantin rejimi dövründə, yəni martın 24-dən aprelin 20-dək yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatını həyata keçirir.
AZƏRTAC xəbər verir ki, sosial məişət xidmətləri ilə əhatə olunan növbəti tənha yaşayan vətəndaş 69 yaşlı Gülsüm Hacıyevadır. Belə ki, DOST Agentliyinin könüllüləri həmin vətəndaşın evində olub, ona lazımi kömək göstəriblər.
Qeyd edək ki, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətlərin təmin olunması işlərində DOST Agentliyinin könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər. Belə ki, tənha yaşayan yaşlı insanlara yardım edilir, onlara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. kömək göstərilir.