Dövlət arxivlərində fəaliyyət müasir prinsiplər əsasında qurulub
Naxçıvan, 1 fevral, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”na və muxtar respublikanın Dövlət Arxiv İdarəsinin iş planına uyğun olaraq dövlət arxivlərində fəaliyyətin müasir prinsiplər əsasında qurulması, arxiv fondlarının elektron kataloqlarının, elektron qeydiyyat sisteminin yaradılması məqsədilə ötən il də tədbirlər davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı keçirilən iclasdakı çıxışında bu barədə idarənin rəisi Mehman Məmmədov danışıb. O qeyd edib ki, görülən işlər nəticəsində dövlət arxivində 757 fond üzrə 448,123 saxlama vahidinin daxil olduğu 2,252 siyahının elektron qeydiyyatı və təkrar yoxlama işləri aparılıb, həmçinin dövlət arxivinə yeni qəbul olunmuş fond sənədlərinin elektron kataloqunun yaradılması davam etdirilib. Rayon dövlət arxivlərində fond siyahılarının elektronlaşdırılması işinin aparılması məqsədilə əvvəllər kiril əlifbası ilə yazılan və istifadəyə yararsız halda olan fond siyahılarının yenidən işlənməsi, elektron kataloqun hazırlanması istiqamətində həyata keçirilən tədbirlərə ciddi önəm verilib, rayon dövlət arxivləri tərəfindən bu günədək 331 fond üzrə 41,329 saxlama vahidinin daxil olduğu 545 siyahının elektron kataloqu yaradılıb.
“Hesabat ilində arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət qurulub”, - deyən Mehman Məmmədov bildirib ki, Naxçıvan Dövlət Universitetinin idarənin hamiliyinə verilmiş Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının tələbələri, ixtisas müəllimləri və AMEA Naxçıvan Bölməsinin bu sahə üzrə tədqiqatçı alimlərinin iştirakı ilə dövlət arxivində təcrübi məşğələlər, seminarlar keçirilib. Arxiv sənədlərindən istifadə etməklə elmi-tədqiqat işləri aparmaq üçün Dövlət Arxiv İdarəsinə müraciət edən 20 tədqiqatçıya işləmələri üçün mövcud qaydalara uyğun şərait yaradılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.