CƏMİYYƏT
Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti zamanı köçürülən ağaclarla bağlı ictimai dinləmə keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, dinləmədə Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarındakı “Şamlıq parkı”nda aparılan abadlaşdırma işləri ilə əlaqədar köküstə quru ağacların götürülməsi, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi 4Z ünvanındakı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsi, Nəsimi rayonu, Dəmiryol Vağzalı və 28 May metrosunun qarşısında abadlıq-quruculuq işləri ilə əlaqədar tikinti altına düşən yaşıllıqların köçürülməsi üçün rəy verilmə mərhələsinə baxılıb. Həmçinin gündəliyə Nəsimi rayonu, H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin kəsişməsində pilot layihə çərçivəsində inşa ediləcək yaşayış və qeyri-yaşayış binalarının tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsi də daxil edilib.
Dinləmədə məlumat verilib ki, Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikini altına düşən yaşıllıqlar köçürüləcək. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanın minimum səviyyəyə endirilməsi üçün işlər görüləcək.
Həmçinin Nəsimi rayonunun H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə, pilot layihə çərçivəsində hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin ikinci mərhələsi üzrə işlərin icrasına maneçilik yaradan, ümumilikdə, 27 ağac və 3 kol bitkisi köçürüləcək.
İctimai dinləmədə götürülən yaşıllıqlara kompensasiya olaraq Bakı şəhəri ərazisində boş ərazidə dayanıqlı suvarma sistemi ilə yaşıllıq sahəsinin salınması şərti qoyulub. Şirkət rəsmiləri bu şərtlə razılaşıblar.