REGİONLAR
Dövlət gənclər və idman siyasəti muxtar respublikada uğurla həyata keçirilir
![Dövlət gənclər və idman siyasəti muxtar respublikada uğurla həyata keçirilir](/files/2020/2/1200x630/1596797043271113636_1200x630.jpg)
Naxçıvan, 7 avqust, AZƏRTAC
2020-ci ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, ümumilikdə, 181 tədbir reallaşdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən müddətdə yeniyetmə və gənclər arasında “Xəmsə”, “İntellektual oyunlar olimpiadası”, “Peloton”, “Kim? Nə? Hara?”, “Axtar tap” və “Vətəni tanı” intellektual oyunları keçirilib. Bakı şəhərində universitet tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə III Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən “Diplomat” komandasının iştirakı təmin edilib, ötən dövr ərzində fəaliyyətləri ilə fərqlənən gənclər mükafatlandırılıb, tələbələr üçün Ağbulaq İstirahət Mərkəzində “Qış məktəbləri”, Naxçıvan şəhərindəki Sahil Parkında gənclər arasında “İncəsənət döyüşü” adlı rəsm müsabiqəsi təşkil olunub.
Muxtar respublikadakı yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması məqsədilə yeni startap layihəsi olan “Yaradıcı Gənclər Akademiyası”na start verilib, diyarımızın turizm imkanlarının tanıdılması məqsədilə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası, həmçinin gənclər arasında “Qış möcüzəsi” adlı fotomüsabiqə keçirilib.
Hesabat dövründə nazirlik tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında güləş, voleybol və basketbol üzrə birinciliklər və yoldaşlıq görüşləri, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvlərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası idmançılarının Haçadağa yürüşü, Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində muxtar respublikada ilk dəfə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” təşkil olunub.
Müxtəlif idman növləri üzrə muxtar respublika birincilikləri, təlim-məşq toplanışları, seminarlar təşkil olunub, Naxçıvan şəhərindəki Sahil Parkında iki idman meydançası yaradılıb və müxtəlif idman avadanlıqları ilə təmin olunub. Parkda tennis idman növü ilə məşğul olmaq üçün tennis kortu inşa edilib, 4 ədəd stolüstü tennis masası və velosiped zolağı, Uzunoba gölünün ətrafında çimərlik futbolu meydançası inşa edilərək istifadəyə verilib.