SİYASƏT
Dövlət İdarəçilik Akademiyasında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirilmişdir
![Dövlət İdarəçilik Akademiyasında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirilmişdir](/files/2013/3/1200x630/1407145041234021109_1200x630.jpg)
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Heydər Əliyev Mərkəzi”ndə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmış, bu ali məktəbdəki büstü önünə güllər düzmüşlər.
Dövlət İdarəçilik Akademiyasından AZƏRTAC-a verilən məlumata görə, konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin ildönümünün hər bir azərbaycanlının böyük qürur hissi ilə qeyd etdiyi tarixi hadisə olduğunu bildirmiş və bu bayramın respublikamızla yanaşı, dünyanın bir çox ölkələrində də keçirildiyini diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında misilsiz tarixi xidmətlərindən danışan rektor dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Prezident İlham Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən akademik U.Ələkbərov ölkəmizin çox sürətlə inkişaf etdiyini söyləmişdir.
Milli Məclisin deputatı, professor Musa Qasımlı, DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, dövlət quruculuğu və hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev məruzələrində Azərbaycanın davamlı inkişafının təmin edilməsində dövlətin məqsədyönlü siyasətinin əhəmiyyətindən danışmışlar.