Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” keçiriləcək
Bakı, 22 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) “məsləhət saatları” keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, növbəti “məsləhət saatı” aprelin 26-da saat 15:00-da DİM-in Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən binasında təşkil olunacaq.
“Məsləhət saatları”nın keçirilməsində məqsəd abituriyent və onların valideynlərini, bakalavrları, dövlət qulluğuna qəbul olmaq istəyənləri, eləcə də müraciət edən digər şəxsləri DİM-in həyata reallaşdırdığı tədbirlər barədə məlumatlandırmaqdır.
“Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən həyata keçirilən tədbirlər - buraxılış, qəbul imtahanları, qəbul qaydaları, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, elektron xidmətlər və s. haqqında müraciət edən şəxslərə kömək göstəriləcək.
Vətəndaşları DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə qəbul edəcək.
Qəbula gəlmək istəyən şəxslərin aprelin 25-i saat 17:00-dək DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur.
Qeyd: Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.