İQTİSADİYYAT
Dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri ilə bağlı statistik göstəricilər açıqlanmışdır
Bakı, 10 iyun (AZƏRTAC). “Elektron hökumət” bülleteninin iyun sayında dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri ilə bağlı statistik göstəricilər açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, iyunun 1-nə olan məlumata görə, bütün qurumlar üzrə dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinə daxil edilmiş məlumatların sayı 196-ya çatmışdır. Onlardan 59-u dövlət informasiya ehtiyatları, 137-si isə fərdi məlumatların informasiya sistemlərinin payına düşmüşdür.
Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur. Bu, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 5 fevral tarixli Fərmanında əksini tapmışdır.
İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.