Dövlət Komitəsi qadınların və uşaqların kiberhücumlardan müdafiəsi üçün maarifləndirməni gücləndirir
Bakı, 29 iyul, AZƏRTAC
Bu gün gender məsul şəxslər üçün rəqəmsal bacarıqların artırılması ilə bağlı təlim keçirilib. Təlim çərçivəsində kibertəhlükəsizlik, innovasiyalar, rəqəmsallaşma prosesi, elektron xidmətlərdən və süni intellekt proqramlarından istifadə, dövlət qurumlarında və şirkətlərdə məsul şəxslərin bu sahədə bilik və bacarıqlarının artırılması, həmçinin vətəndaşlara, xüsusilə qadınlara və uşaqlara göstərilən dəstək məsələləri müzakirə olundu. “Telegram”, “WhatsApp”, “TikTok” və digər sosial şəbəkələrdə, eyni zamanda, oyun platformalarında və virtual oyunlarda mövcud problemlər də qiymətləndirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib.
O xatırladıb ki, hazırda Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam edir. Bu, son dövrlər kibertəhdidlərin artması ilə əlaqədardır. Söhbət ailə büdcəsinə təsir göstərən maliyyə dələduzluğu, kiberhücumlar və digər kiberrisklərdən gedir. Belə ki, xüsusilə qadınların və yetkinlik yaşına çatmayan şəxslərin hesablarına hücumlar müşahidə olunur. Onların şəxsi məlumatlarının qorunması və maarifləndirilməsi, həmçinin onlayn insan alveri, kiberasılılıq, süni intellekt vasitəsilə şəxsi məlumatların əldə edilməsi və paylaşılması ilə bağlı məsələlər araşdırılır və təhlil edilir. Bunlar hazırda gündəmdə olan əsas problemlərdəndir.
“Bildiyiniz kimi, BMT-nin 2024-cü ildə qəbul etdiyi kibercinayətkarlıqla bağlı Konvensiyaya Azərbaycanın qoşulması məsələsi parlamentdə müzakirə olunub və sənədin ratifikasiyası gündəmdədir. Məhz buna görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların və uşaqların kiberhücumlardan müdafiəsi istiqamətində belə təlimlər təşkil edir. Növbəti təlimlərin jurnalistlər, media subyektləri və ali təhsil müəssisələrinin nümayəndələri üçün keçirilməsi nəzərdə tutulur”, - deyə Elgün Səfərov əlavə edib.